AZE | RUS | ENG |

Ədəbiyyatın müasiri, klassiki yoxdur

Ədəbiyyatın müasiri, klassiki yoxdur
Hümmət Şəhbazi: Şeir xronoloji tarix deyil

Dünya ədəbiyyatında modernləşmə çoxdan başlamış bir prosesdir. Yaranan irili-xırdalı axınlar bir müddət sonra tarixə qarışır. Modernizm isə Yürgen Habermasın vurğuladığı kimi, hələ də aktualdır. Qeyd edək ki, Azərbaycan ədəbiyyatında müşahidə olunan ədəbi axınların modernizm qaydaları ilə uyğun gəlib-gəlməməsi də araşdırılmalı məqamlardandır. Bir sıra yazarlarımız bu xüsusda çatışmayan boşluqları sezərək, onları aradan qaldırmağa çalışıblar. Hümmət Şəhbazini də bu qəbildən olan yazarlarımıza adi edə bilərik. O, mətnlərində həm tənqidçi mövqeyi ilə seçilir, həm də bir yazar kimi yorulmadan, yalnız və yalnız yaradıcılıqla məşğul olur. Bunu nəşr olunan kitabları da göstərir. 
  
– Modern ədəbiyyat necə yarandı? Hansı parametrlər onun yaranmasında zəmin rolunu oynadı? Bir sözlə,  modern ədəbiyyat hansı özəlliklərə malikdir? 
–  Avropada renessans, sonra da aydınlanma dönəmini xatırlayaq. Ümumiyyətlə, modern sözü, yeni və çağdaş anlamı verdiyinə görə, bir durumun dəyişməsi və ya məhv olması, yaxud yenisinin yaranmasıyla bağlıdır. Modernizmin əks cəbhəsi ənənələrdir. Bəzi aşırı modernistlərə görə, ənənə bir yığıntıdır, onu bir kənara atmalıyıq. Amma bir nüansı unutmayaq: bütün yaranan yeniliklər, müəyyən müddətdən sonra ənənəyə çevrilir, keçmişə dönür. 
Bir çoxlarına görə modernizm ədəbiyyatla başlayır. Bu fikir, heç də yanlış iddia deyil. Toplumla ədəbiyyat hər zaman bir-birinə bağlı olub. Bunlardan hansı hansına təsir edib, qəti bir söz demək olmaz. Fəqət bu da məlumdur ki, əvvəlcə fikir, ardınca da yazıda dəyişiklik yarandı. Düşüncədə dəyişiklik yarandıqdan sonra isə qadağalar bir kənara qoyulur və toplum inkişafa tərəf yönəlir. 
 
– Bunun Azərbaycan ədəbiyyatında örnəkləri varmı? 
– Burada ictimai inkişaf sənayeləşmədən qabaq, onun düşüncədəki modeli isə Mirzə Fətəli Axundzadə ilə yarandı. Axundzadə "aydınlanma” dönəmimizin banilərindəndir. Onun düşüncəsində ədəbi və ictimai inkişafın yolu iki cığırdan keçir: bilim və tənqid. Ədib Qərb yaradıcı axınlarının bir neçəsini öz nəsrində cəm edir, bütün boşluqları tanıyır. O, ilk ziyalılarımızdandır ki, ədəbiyyatdan özünü qırır. Gördüyü işlərdə, irəli sürdüyü düşüncələrdə yalnız və yalnız ağıl hakimdir. Yəni modernistlərin ən önəmli faktoru – rasionalizm təməl daşıdır. Azərbaycan intellektual ədəbiyyatı tarixində onun kimi yığcam fikirli ikinci bir şəxs tapmaq çətindir. O, nişan verdiyi yolun arxasınca, nümunə olacaq işlər də görür.
 
– Modern ədəbiyyatın özəllikləri barədə də danışaq.
– Tədqiqatçı Piter Çayldz "Modernizm” əsərində bunu çox gözəl araşdırır. Onun fikrincə, modern sənət (və eləcə ədəbiyyat) forma baxımından mürəkkəb, eyni zamanda yığcamdır, dinə şübhə ilə yanaşır, dərin özünəqapanma, forma özəllikləri, zehni əyləncə və oyunbazlıq, dil yenilikləri, satira, kinayə ilə yoğurulmuş lovğa kütləni özündən uzaqlaşdıran bir ümidsizlik, inancın əldən getməsi və s. məsələləri özündə cəmləyir. Modernizm hər şeyə öz istək prizmasından yanaşır. Ona görə ev – yaşamaq üçün bir maşındır, şeir də eyniylə – kəlmədən düzəldilmiş bir maşındır. Bu cərəyan istiarə və simvollara geniş yer verir, əl-ayağa dolaşan forma, vəzn, qafiyədən yaxa qurtarır, harmoniya və ritmə dayanır, şeirləri açıq və sərbəst ifadə edir. Motiv baxımından isə: ölüm, erotizm, dərin dini və mistik duyğuları əks etdirməyi özünə məqsəd götürür. Demək olar ki modernizm ən qarmaqarışıq, ən təzadlı ədəbi cərəyandır. 
 
– Ümumiyyətlə, ədəbiyyatımız modernləşmişdirmi? Azərbaycan ədəbiyyatında bu proses necə gedir, sizi qane edirmi? 
– Azərbaycanda yeniləşməyə maraq bir çox millətlərdən daha əvvəl yaranıb. Bunun da səbəbi Türkiyə və Rusiya kimi dövlətlərlə həmsərhəd olmasındadır. Türkiyə, Qərbi Avropanın darvazasıdır, Rusiya isə Şərqi Avropanın. Yəni, təxminən, Avropadakı "aydınlanma” dönəmindən yüz il sonra Azərbaycanda M.F.Axundzadə ilə oyanış başladı. Biz modernləşmə mərhələsində artıq ədəbiyyat istehlakçısı idik. Ədəbiyyatın təkcə şeir qolunda Əlirza Nabdillə modernləşirdik. Sonra uçurum yarandı. Sistemli olaraq, modernləşmə 70-ci (Miladi təqvimlə 1990-cı illər) on illikdən bu yana başladı. Həmid Şəhanqinin "Zəncirdə sevda”, Saleh Ətayinin "bəlkə daha deyənmədim”, Hadi Qaraçay və İsmayıl Ülkərin şeirləri, Nasir Merqatinin "Talanmış günəş” əsərləri bu dövrə aiddir. Mən indi də "Talanmış günəş” kimi bir əsərlərin yaranmasına tamarzıyam, çünki o, modern şeirimizin ən intellektual, ən centelmencə yazılmış nümunəsidir. Çingiz Aytmatov belə deyirdi: həmişə tələbatları yüksək olan mədəni oxucunu göz önünə gətirərək yazın. Məncə "Talanmış günəş” özü centelmencə bir şeir toplusu olduğu üçün oxucuları da o cür olmalıdır. Unutmayaq ki bizim kütləvi oxuculuğumuz yoxdu. Oxucularımızın bir çoxu ədəbiyyatla məşğul olmur. Bir çoxu da "Heydərbabaya salam” kimi kütlə dilində yazılan şeirləri sevir. Təbii ki, bu kimi olan oxucular "Talanmış günəş” kimi əsərlərlə maraqlanmayacaq. Modern şeirimizlə maraqlanan oxucularımız azdır. Amma bu bizim üçün yaratmamağa bəhanə ola bilməz. Modern şeirimizdə mövzu məhdudiyyəti yoxdur. Əgər şeirimiz mələklərin, pərilərin əlindən çıxıb Yerdə məskunlaşıbsa, demək, böyük iş görülüb. Təbii ki bu, bəlkə də qaneedici olmadı. Ancaq əvvəlki yerində durmayıb, durmayacaq da. 
 
– Sizcə modern dünya ədəbiyyatı səviyyəsinə necə çatmaq olar? 
– Modern ədəbiyyatın skeleti dil yenilikləri üzrə qurulur. Dil anlayışlarının genişlənməsi nəticəsində, sənətkarın da görüşləri yenilənir. Yenə deyirəm, dil şeirdə bir maraq vasitəsi deyil. insanın içindən qopan duyğuların səsidir. Yəni burada dil, nəyi deməklə əhəmiyyət qazanmır, necə deməklə önəmli olur. Modern şeirdə də, ən önəmli faktor dildir. İndi İngiltərə ədəbiyyatında Şekspirin dilini bugünkü ingilis dilinə tərcümə edirlər. Eyni ilə Türkiyə ədəbiyyatında Tofiq Fikrətin şeirləri bugünkü türkcəyə çevirdiyi kimi. Bizim modern şeirimizdə ən çatışmayan cəhətlərdən biri dil ehtiyatlarına rahatca əl çatılmamasıdır. Yəni dilimizdə elə sözlər, kəlmələr, qavramlar var ki, onları işlətmir, əvəzində başqa dillərin kəlmələrindən istifadə edirik. Bu da şeir dilimizin potensialına pis təsir göstərir. Bu gün bizdə danışıq dili əcnəbi media və ya dərsliklər vasitəsi ilə yenilənir. Yeni quruluş beynimizə həkk olur, ana dilimizdəki kəlmələr isə yadlaşır. Onlar sanki istifadə olunmayan anbarlara çevrilir. Şeirimiz dil ehtiyatlarına müraciət eləmir. Bu problemi ortadan qaldırmaq üçün sözlükləri qarşına qoyub əzbərləmək lazım deyil, sadəcə çoxlu mütaliə etməliyik. 
 
– Ədəbi tənqidin indiki durumunu necə dəyərləndirirsiniz? 
– Ədəbiyyatımızın ən ağrılı yerinə toxundunuz. Bizim tənqidimizin ən azından iki yüz illik keçmişi var. Ancaq bu sahədə ən tənbəl olanı da bizik. İki yüz il məsələsini elə-belə demirəm. M.F.Axundzadənin "Nəzm və nəsr haqqında” türkcə, "Kritika” adlı farsca yazdığı məqalə yeni tənqidçiliyimizə böyük örnəkdir. Son yüz ildə barmaq sayı qədər belə tənqidi əsər yazılmayıb. Düzünü desək, bu işi hamı tənqidçidən gözləyir. Ancaq uzağa getməyək, elə Türkiyə ədəbiyyatına baxsaq görərik ki, orada tənqid işi təkcə tənqidçinin üzərinə  düşmür. Türkiyənin tanınmış yazar və şairləri, həmçinin böyük tənqidçilərdir. Əhməd Haşim, Məlih Cevdət, Orhan Vəlidən tutmuş Camal Süreya, Attila İlhan, İlhan Berk, Hilmi Yavuz, Ənis Batur, Orhan Pamuka qədər. Yəni bunlar yaradıcılıqla yanaşı nəzəri cəhətlərə də diqqət göstərirlər. Təəssüf ki, bizdə belə deyil. Hər şeyi tənqidçidən umuruq. Bəs özümüz? Çıxan kitablar haqda fikir söyləmək çox çətindir? Səbəb də bir-birimizi izləməməkdə, oxumamaqdadır. Heç kim inciməsin, bu gün hamımız, başda Hümmət Şəhbazi olmaqla, bir-birimizi oxumuruq. Yeni nəşrlər haqqında bir abzas belə, danışmağa sözümüz yoxdur. Oxuduqca suallar yaranar, bu isə tənqidçiliyin bünövrəsidir. 70-ci on illikdə mütaliəmiz daha professional idi. Təəssüf ki, o dönəmdə yazıb-yaradanlar da bu günün xəstəliyinə düçar olublar. 
Bu gün dünya tənqidçiliyində "ədəbi tənqid” adında bir anlayış əvvəlki önəmini itirib. Hər nə varsa, "nəzəriyə”dir. O anlayışın əvəzinə "nəzəriyə” sözündən istifadə olur. Bunun da səbəbi var: bir əsərdən yazan və ya danışan şəxs yalnız o əsərin bədii keyfiyyətləri ilə məhdudlaşmır, bununla yanaşı, fəlsəfədən, psixologiyadan, sosiologiyadan bəhrələnir. Məsələn, Rolan Bartı oxuyanda konkret hansı sahədən danışdığı bilinmir. O hər şeydən bəhs edir: ədəbiyyatın içində fəlsəfədən, fəlsəfənin içində ədəbiyyatdan, müəyyən detallara sosioloji aspektdən baxır və s. 
 
– Dünya ədəbiyyatının tərcüməsi Türkiyə ədəbiyyatına müsbət təsir göstərdi, onlar yeniliklərin fonunda öz istiqamətlərini tapdılar. Bəs, bizdə vəziyyət necədir? 
– Onların türkcəyə çevrilməsinin bizə iki qat xeyri var. Bəziləri Qərbə və onun yeniliklərinə mənfi gözlə baxır. Əmin olun ki, Qərbin mənfi cəhətlərini biz şərqlilərdən daha çox və daha əvvəl onların öz yazarları tənqid edirlər. Gəlin Qərb modernizminə nankorluqla yanaşmayaq. Bu gün bir çox məziyyətlərə görə Qərb ədəbiyyatına borcluyuq. Bayaq yeni tənqiddən danışdıq. O özü bir estetikadır. Bir orijinal mətn kimi yeni tənqid də oxucuya dad verir.
 
– Çağdaş ədəbiyyatımızda maraqlı tendensiyalar varmı? Yoxsa, hələ ki yalnızca tərcümə ilə kifayətlənək? 
– Sualınızın ilk bölümünün cavabı: həm hə, həm yox! Modernləşmə dönəmimiz M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabirlə dirçəldi. Sonra başlayan siyasiləşmə dönəmi bu prosesə mənfi təsir göstərdi. Pəhləvi rejimi, o tayda isə Sovetlər Birliyi yaradıcı mühiti ikiyə parçaladı. O tayda yaradıcılıq var, özəlliklə nəsrdə, bu tayda isə qorxu içində çırpınan bir ədəbiyyat yaranır. Əslində, bizim yaradıcılığıq "məhsulumuz" hər millətdən qabaq yaranır, amma hamıdan sonra üzə çıxır. Məsələn, sərbəst şeir yazmağa farslardan qabaq başlamışdıq, ancaq çox sonralar üzə çıxdı. Modern nəsri biz tanıtdırırıq, ancaq məhsulumuzdan başqaları yararlanır və nəticədə onların adı ilə bağlanır 
Tərcümə məsələsinə isə bir söyləm (diskurs) kimi baxıram. Alman filosofu H.Q.Qadamer tərcüməni bir "yozum və təvil” kimi təqdim edirdi. Hətta deyirdi ki, tərcümə yozumun kamilləşməsidirir və tərcüməçi gözünün qabağında olan kəlmələr vasitəsi ilə bu işi görür. Qadamerə görə, qavrayış (fəhm), idrak olduğu yerdə, tərcüməyə ehtiyac yoxdur. Ancaq biz başqa bir dili yaşaya bilmirik, o dildə yaşananları öz dilimizə çevirməli oluruq və məhz bu zaman "qavrayış”a çatırıq. Başqa insanların kültürü ilə tanış olmağın heç bir zərəri yoxdur. Əksinə, bilgi dairəmiz artır. Digər tərəfdən isə, dilimizin inkişafına, paslanmamasına yardımçı olur. Modern ədəbiyyatdan danışdıq. Məgər, biz bunu sadəcə tərcümə yolu ilə mənimsəmişik? Sənayeləşmə özü bir Qərb mətnidir. Həmçinin, tərcümədə də ehtiyacdır. Bu tərcümələr bizi günün mətnləri ilə tanış edir. 
 
– Bəziləri yaradıcılığı əlacsızlıqlarına çarə kimi dəyərləndirir. Belə ki, yazı mütləq gərgin durumlara düşmüş yazıçılarda yaxşı alına bilər kimi bir fikir var. Bəs, siz yaradıcılığın qaynağını nədə görürsünüz? 
– Bu düşüncənin üst-başından, farslar demişkən, "külligüyi” (ümumiyətlik) yağır. Ədəbiyyatçı üçün hər iki durum, yəni "gərgin”lik də, "zəngin” də yaradıcılıq qaynağı ola bilər. Avropa klassiklərində, ümumiyyətlə, ədəbiyyatı zənginlər üçün yazmaq xüsusiyyəti var idi. Yazarların bir çoxu isə zəngin təbədən deyildilər. Onlarla münasibət yox idi. 
Bu gün yaradıcılığın ən böyük əngəli vaxtı itkisidir. Keçmiş yazıçıların bugünkü qədər məşğuliyyəti yox idi. Bu gün yazıçı işlə bərabər, başqa məşğuliyyətlərə də vaxt sərf edir, internet də bu qəbildəndir. Məncə, həm bizdə, həm də dünyada, ədəbiyyat dili texnologiya və bilim (elm) dili qarşısında geriləməyə başlayır. Ədəbiyyat texnologiya dilindən bir vəsilə kimi istifadə etməməlidir, öz yanaşması, öz münasibəti olmalıdır. Hətta şablonlaşmış, daşlaşmış anlayışlar belə, yeni yanaşma tələb edir. 
 
– "Yazıçının ən böyük qorxusu başqasının təsirində qalmaqdır” deyə bilərikmi? Bunun yaradıcılığa təsiri hansı baxımdan özünü göstərəcək? 
– "Post quruluşçular”, "post-strukturalizm”, özəlliklə, Yuliya Kristevanın önəm verdiyi bir nəzəriyyəyə, yəni "mətnlərarasılıq”a nəzər yetirək. Bəzən bir yazarın mətninin başqa bir yazarın mətninə də keçməsini "təsir” anlayışı ilə açıqlayırıq. Kristva "mətnlərarasılıq” termini ilə bunu çözməyə çalışır. Doğrudur, bu nəzəriyyədə hər bir mətn özünəməxsusluğunu qoruyur və işarə etdiyi mətndən müstəqil olaraq yaranır. Çingiz Aytmatov deyirdi: yazıçılığın ilk anlarında yazarın zehnini bir növ duyğusal və romantik bir həvəs məşğul edir. Müəyyən yazılar oxuyur və könlündən keçir ki, ona tay nəsə yaratsın. Bu mərhələdə təqlid etmək və yaxud başqasının təsiri altında yazmaq təbiidir. Nima Yuçic demişkən, təqlid özü də bir növ təşxisdir. Yazar bu vasitə ilə öz yolunu tapır. Yavaş-yavaş bişir, təsirdən və başqasını təqliddən yaxa qurtarır. 
 
– Azərbaycanın dünya ədəbiyyatına verə biləcək bir əsəri varmı? 
– Təbii ki! Nizamidən tutmuş Füzuli, Axundzadə, C.Məhəmmədquluzadəyə qədər dünya ədəbiyyatına necə nəhənglər bəxş etmişik. Ancaq indi bizdə bütün cəhdlər gec bəhrə verir. Onun da səbəbləri var. Birincisi, bizdə yaranan əsərlər, dünya ədəbiyyatı üçün öncüllər sırasında deyil. İkincisi, bizim yaxşı əsərlərimizi başqa dillərə tərcümə edən tərcüməçilərimiz yoxdur. Türkiyə ədəbiyyatı dünyada tanınırsa, bunun səbəbi 1950-dən bu günə qədər davam edən tərcümə nəticəsindədir. 
 
– Qərb ölkələri texnika baxımından çox güclüdür. Türkiyənin Orxan Pamuku, yaxud yapon yazıçısı Haruki Murakamı belə bir dünyada Nobel ödülünü qazana bildilər. Bizdə belə əsərlər nə vaxt yaranacaq? 
– Folknerdən soruşurlar ki, yaxşı yazıçı olmaq üçün düstur varmı? Belə cavab verir: "99 faiz istedad, 99 faiz zəhmət” Adını çəkdiyiniz yazarlarda şübhəsiz bu faktorları görəcəksiniz. Çoxları Nobel almağı bir yazar üçün, onun yaradıcılığının sonu kimi dəyərləndirirlər. Zənn edirəm rəhmətlik Məmmədəli Fərzanənin xatirələrində oxumuşam, Qulamhüseyn Səyidi ona deyir ki, xatirələrini yazsın. Ustad Fərzanə ona öz sözləri ilə cavab verir: siz (yəni Saedi) hardasa demişdiniz ki, hər bir yazıçı, xatirələrini yazmağa başlamaqla, yaradıcılığının sona çatmasına imza atır. Pamukun "Nobel” almasını (özü də gənc çağında) da, yaradıcılığının sona çatması kimi dəyərləndirirdilər. Ancaq belə olmadı. O, daha güclü əsərlər yazdı. 
Bu mərhələyə yetişmək üçün Folknerin dediklərinə mən də bir kəlmə artırmaq istəyirəm: 99 faiz mütaliə. 
 
– Nobeldən söz düşmüşkən, son zamanlar Nobel ödülü nəsr əsərlərinə verilir. Şeir dünyada durğunluq dövrünü yaşayır. Belə deyilmi?
– Yaradıcılıq, yaradıcılıqdır. XX əsrin ortalarında, Avropada belə bir qənaətə gəlmişdilər ki, artıq "roman”ın əsri sona çatıb, roman ölüb. Ancaq belə olmadı. roman var gücü ilə qabıq tökdü. yeni, heyrətedici fəzalarla özünü yaşatdı. Şeir də belədir. Yaradıcılığın yaxşısı janrından asılı olmayaraq özünü yaşadır. 
 
– Azərbaycanda da poetik nümunələr nəsr əsərlərinə nisbətən çoxdur. 
– Başqa millətlərlə müqayisədə, Azərbaycanda şeir heç də çox deyil. Bizdə nəsrin azlığı bir bu fikri yayğınlaşdırır. Amma elə deyil. Sadəcə başqa janrlar kifayət qədər işlənmir. Məsələn, bütün millətlərdən çox qabaq, "Əkinçi” qəzetinin zamanından tutmuş, "Molla Nəsrəddin” jurnalına qədər, hətta Seyidcəfər Pişəvrinin Azərbaycan qəzetində yayımlanan mətnlərinə qədər – köşənin aktual olduğu zaman kəsiyi mövcud idi. Biz bunu davam etdirə bilmədik. Farslarda da bu janr yetərincə seçilmir. Türkiyədə isə, köşə nəsrin güclü qollarından biri hesab olunur. Tənqidçi Nurulla Ataç bu janrın həm modern banisi, həm də onu inkişaf etdirən imzalardan biridir. Bu gün Türkiyənin ən parlaq yazar və şairləri həm də məşhur köşə yazarlarıdır: Camal Süreya (diri ikən), Hilmi Yavuz, Ataol Bəhramoğlu, Əlif  Şafaq, hətta Orhan Pamuk və... s. 
 
– Bir az özünüzdən danışaq. Ali təhsilə yiyələnmisiz, elə deyilmi? 
– Bəli. Təbriz Universitetində fars ədəbiyyatı oxumuşam. Özüm Muğanda boya-başa çatmışam. İndi də buranın sakiniyəm. 
 
– Bu durumda hansı səbəbdən Azərbaycan ədəbiyyatına maraq göstərdiniz? 
– Azərbaycan ədəbiyyatına marağım universitetdə oxumamışdan əvvəl yaranıb. İlk şeirim "Vətən” 1369-cu ildə (1990) çap olub. O zaman bir çox şairlər yaradıcılığa farsca yazmaqla başlayırdılar. O vaxt türkcə kitab tapmaq çətin idi. Füzulinin "Divan”ını tapmaq üçün hər yeri ələk-vələk eləmişdim. Gözümü Azərbaycan radio-televiziyasına dikirdim ki, bəlkə hardasa bir müğənni mahnı arası bir qəzəl oxuyacaq. Tez qələmi götürüb oxunan qəzəlləri yazırdım. Sinfimizdə belə gənclər çox idi. Ramiz Taynur müğənnilərin oxuduqlarını yazıb bir dəftər şeir toplamışdı. 
Füzuli "Divan”ını kiril əlifbasından iki yüz səhifəlik bir dəftərə köçürmüşdüm. Onda hələ universitetə getmirdim. Əmim nəvəsi Fərhad da ədəbiyyatçı idi, baxdı mənim işimə, dedi ki, bu iş fil işidir. Biz bu sevgi ilə böyüdük. Ancaq universitet mənim axdığım cığırı dəyişdi, çağdaş dünya ədəbiyyatı ilə tanış oldum. İstiqamətimi dəyişən kitabları heç zaman unutmaram. Rza Bərahəninin kitabları, özəlliklə "Qissənevis”in (təhkiyəçilik)" ilk 200 səhifəsini. Həftə içi beş kitab oxumadan dincəlməzdim. Bütün kitabxanalara üzv olmuşdum. Təbriz Universitetinin kitabxanasında işçilərdən biri bir gün mənə "sən dərsini qurtarıb getsəydin, biz də rahat olardıq” dedi. Təbii ki, bunu acıqla demirdi, həmişə həvəslə mənə kitab verirdilər. 
Universitetdə ədəbi yığıncaqlar da baş tuturdu. Onların çoxu 70-ci (90-cı) on illiyin ədəbiyyatını, özü də modern ədəbiyyatını yaratdılar. "Azərbaycan şeirində modernizm” adlı kitabımda onlardan bəhs etmişəm. Bu ədəbi yığıncaqlardan Hadi Qaraçay, Kiyan Xiyav kimi imzalar çıxdı. Rəhmətlik Yəhya Şeydanın "Məhdi-Azadi” qəzetində türkcə səhifəsini, həmin qəzetin "Adinə” səhifəsini çıxaran Qasım Türkan cənablarının bu gənclərin tanınmasında rolları əvəzsizdir.     
 
– Gələcək planlarınız barədə bilmək istərdik. Yeni kitablarınız nə haqdadır? Hazırda hansı əsər üzərində işləyirsiniz? 
– Fəlsəfə və nəzəriyyə baxımından boşluğumuz var. Buna əl qoymaq daha çətindir. Çünki fikrini ifadə etmək üçün hər addımda yeni kəlmələr, terminlər lazım olur. Bəzən keçmişdə işlənmiş  hər hansı terminə yeni anlayış verilir. Bunu bizim dildə ifadə etmək daha çətindir. Qarşılıqlı terminlər tapmaq məşəqqətlidir. Türkiyədə işlənən terminlər məsələnin bir qismini həll edir. Ancaq çox zaman özün kəlmə yaratmaq məcburiyyətində qalırsan. Fəlsəfə və nəzəriyə, daha doğrusu, düşüncə baxımından boşluqları gördükdə "modernitə və modernlik” kitabımı işlədim. Kitab yaxşı qarşılandı və görünür mənim kimi oxucuda belə bir nəşrin acı imiş. Ardınca bu sahədə "Post-modernizmin durumu” və "Post-modernizm sözlüyü” adlı iki kitab da hazırladım. Bu arada klassik ədəbiyyatı da nəzərdən qaçırmamışam. Tələbə vaxtlarımdan Azərbaycanın VIII əsrdə yaşamış hökmdar-şairi Qazi Bühanaddinin tuyuqları diqqətimi cəlb eləmişdi. Tuyuq Azərbaycan şeirinə aid bir növdür. Nəsiminin də yaradıcılığında bu şeir növünə rast gəlinir. Ancaq Bürhanəddinin tuyuqları daha çox ictimaidir. Son kitabımda 70 səhifəlik ön sözlə Qazi Bürhanəddini və tuyuq şeirini tanıtdırmışam. Kitabı "Buta”  nəşriyyatı çap edəcək. 
Hazırda məni ən çox məşğul edən "Azərbaycan şeirində modernizm” adlı layihəmdir. Ümidvaram ki, geniş və sanballı bir iş ortaya qoya biləcəyəm. 
 
– Vaxt azlığına baxmayaraq, çox məhsuldar insansınız. Çapa verdiyiniz kitablar Güneydə çox zaman  satışda birincilərdən olub. Bu barədə nə demək istərdiniz? 
– Mənim boşluqları tapmaqda səriştəm var. Vaxtında şeirimizdə tənqidin yoxluğunu duydum. Yazmağa başladım, nəticədə 1383-cü ildə (2004) "Nəqd-i şeir-i müaser-e Azərbaycan” (Çağdaş Azərbaycan şeirinin tənqidi araşdırması) çap oldu. Dünya ədəbiyyatı incilərinin yerini boş gördüm, on il sonra (2014) bu xüsusda ikinci kitabım çapdan çıxdı. T.S.Eliotun "Çoraq ölkə”sini; Lorkanın şeirlərini "Axşam üstü saat beşdə” adı ilə çapa verdim. Uzun müddət şeirə vaxt sərf edəndən sonra "Hekayənin imkanları” kitabmı işlədim, bu sahədəki boşluqları tədqiq etdim.
 
– "Hekayənin imkanları" adlı kitabınız, yazarlara peşəkar səviyyədə texniki yollar göstərir. 
– Əsas məqsədim də elə budur. Bəziləri belə fikirləşirlər ki, hekayə yazmaq, elə qədim nağıllar kimi xam rəvayətləri bir-birinin ardınca düzməkdir. İndi təkcə "ravi”dən danışmaq bir kitablıq söz tələb edir. "Hekayənin imkanları” kitabında daha çox tənqidi məqalələr üzərində işləmişəm. Hekayələrin tənqidi oxucunu əməli (praktik) bir tənqidlə üzbəüz qoyur. "Hekayənin imkanları” demək olar ki, "təlimi” (pedaqoji yönümlü) bir kitabdır. 
 
– Dünyanın tanınmış yazarlarından olan Ernest Heminquey öz şagirdinə həyat boyu oxunması zəruri olan 15 əsərin siyahısını verir. Son sualım bu barədədir, hansı əsərlərin mütaliəsi Azərbaycan ədəbiyyatının inkişafına təsir göstərə bilər?
– Dostoyevskinin bütün əsərləri, başda "Karamazov qardaşları” olmaqla. İtalo Kalvinonun hekayələri. Şeirdə isə Eliotun "Çoraq ölkə"sini vurğulamaqla yanaşı, ümumiyyətlə modern şeiri oxumağı faydalı görürəm. Azərbaycan nəsrində Anarın əsərləri, özəlliklə kiçik hekayə və povestləri dünya səviyyəli nümunələrdir. Anar, İsmayıl Şıxlı, Əkrəm Əylisli, İsa Muğanna, Elçin Əfəndiyev. oxunmalı yazarlardır. Həmçinin Mövlud Süleymanlı və Kamal Abdulla yeni cığır sahibidirlər. Bunlarla yanaşı ən çox sevdiyim Azərbaycan ədəbiyyatı incisi "Kitab-i Dədə Qorqud”u mütləq oxumağı tövsiyə edirəm. 
Yeni nəzəriyyələr və tənqidi əsərlərlə tanışlıq da vacibdir. Bunlar bizi bayağı metodlardan uzaqlaşdıracaq. Onları bilavasitə öz yazdığınız mətnə köçürmək lazım deyil, sadəcə, necə yazmağı öyrənin, kifayətdir. Mixail Baxtin, Roman Yakobson, Teodor Adorno və xüsusən də, Rolan Bartın yazıları ilə tanışlıq da mütləqdir. 
Ümumən isə ədəbiyyatın müasiri, klassiki yoxdur. Ədəbiyyatın yaxşısı hər zaman yaxşıdır. 
 
Söhbətləşdi: Əfşin Şəhbazi

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9377
GEL 1 1 Gürcüstan larisi 0.6286
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1803
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.6992
KWD 1 1 Küveyt dinarı 5.5919
TRY 1 1 Türkiyə lirəsi 0.3178